7,62 mm-lik РПК tipli Kalaşnikov əl pulemyotu atıcı manqanın silahı olaraq düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Qısa şərti adlarının axırında “H” hərfi olan РПКН tipli əl pulemyotunun lülə qutusunun sol divarında yerləşən kronşteyn müxtəlif növ optik nişangahların (gecə və gündüz) bərkidilməsi üçün nəzərdə tutulub.

Əl pulemyotundan atış aparmaq üçün 7,62x39 mm-lik adi (ПС), izburaxan (T-45), zirehdələn-yandırıcı (БЗ) və yandırıcı (З) gülləli patronlardan istifadə olunur.

Əl pulemyotundan avtomatik və ya tək-tək atəş aparılır. Avtomatik atəş əsas atış növü sayılır və qısa (5 atışa qədər), uzun (15 atışa qədər) qatarlarla və fasiləsiz atəşlə aparıla bilər.

 Atış zamanı patronlar tutumu 40 patron olan qutuvari (sektorlu) və tutumu 75 patron olan baraban maqazinlərdən ötürülür.

Əl pulemyotundan nişangah atış məsafəsi 1000 m təşkil edir. Əl pulemyotundan yerüstü hədəflərə ən təsirli atəş 800 m-ə qədər məsafədə, təyyarələrə, helikopterlərə və paraşütçülərə ən təsirli atəş 500 m-ə qədər məsafədə aparılır. Əl pulemyotundan yerüstü qrup hədəflərinə cəmlənmiş atəş 1000 m-ə qədər məsafədə aparılır.

PO4-24P tipli optik nişangah müxtəlif növ avtomatik atıcı silahları orta məsafələrdə yerləşən maskalanmış hədəflərə tuşlamaq üçün nəzərdə tutulub. Nişangah gündüz vaxtı və toranda toru işıqlandırma sistemini tətbiq etməklə effektiv istifadə oluna bilər.