5,45 mm-lik AK74 tipli Kalaşnikov avtomatı fərdi silah olaraq düşmənin canlı qüvvəsini məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Əlbəyaxa döyüşdə düşmənin canlı qüvvəsinə zərər vurmaq üçün avtomata süngü-bıçaq birləşdirilir.

Qısa şərti adlarının axırında “H” hərfi olan AK74H tipli avtomatın lülə qutusunun sol divarında yerləşən kronşteyn müxtəlif növ optik nişangahların (gecə və gündüz) bərkidilməsi üçün nəzərdə tutulub.

Avtomatdan atış aparmaq üçün 5,45x39 mm-lik adi (ПС və ПП) və izburaxan (T) gülləli patronlardan istifadə olunur.

Bundan başqa, səsboğucu (ПБС-4 tipli səssiz və alovsuz atış aparmaq üçün cihaz) ilə dəstləşdirilmiş avtomatdan atış aparmaq üçün xüsusi, sürəti azaldılmış gülləli (УС) patronlardan istifadə olunur.

Avtomatdan avtomatik və ya tək-tək atəş aparılır. Avtomatik atəş əsas atış növü sayılır və qısa (5 atışa qədər), uzun (10 atışa qədər) qatarlarla və fasiləsiz atəşlə aparıla bilər.

Atış zamanı patronlar tutumu 30 patron olan qutuvari (sektorlu) maqazindən ötürülür.

Avtomatın nişangah atış məsafəsi 1000 m-dir. Avtomatdan yerüstü hədəflərə ən təsirli atəş 500 m-ə qədər məsafədə, təyyarələrə, helikopterlərə və paraşütçülərə isə 500 m-ə qədər məsafədə aparılır. Avtomatdan yerüstü qrup hədəflərinə cəmlənmiş atəş 1000 m-ə qədər məsafədə aparılır.