7,62 mm-lik AK-103 tipli Kalaşnikov avtomatı fərdi silah olaraq canlı qüvvəni məhv etmək və atəş vasitələrinə zərər vurmaq üçün nəzərdə tutulub.

Əlbəyaxa döyüşdə canlı qüvvəyə zərər vurmaq üçün avtomata süngü-bıçaq birləşdirilir.

Avtomatın lülə qutusunun sol divarında yerləşən kronşteyn müxtəlif növ optik nişangahların (gecə və gündüz) bərkidilməsi üçün nəzərdə tutulub.

Avtomatın əl qundağında yerləşən “Pikatinni” tipli tamasalar (NATO-nun MİL-STD-1913 standartına uyğun) müxtəlif növ optik və kollimator tipli nişangahların, həmçinin avtomatın taktiki imkanlarını artıran döyüş fənarı, əlavə dəstək, lazer hədəfgöstəricisi və digər xüsusi avadanlığın bərkidilməsini təmin edir.

Avtomatın yığılan qundağı, tapança dəstəyi və əl qundağı yüksək möhkəmliyə malik plastik materialdan hazırlanmışdır.

Avtomatın üzərində 40 mm-lik ГП-25 (ГП-30, ГП-34) tipli lüləaltı qumbaraatan bərkidilə bilər.

Avtomatdan atış aparmaq üçün 7,62x39 mm-lik adi (ПС), izburaxan (T-45, T-45M), zirehdələn-yandırıcı (БЗ) və yandırıcı (З) gülləli patronlardan istifadə olunur.

Bundan başqa, səsboğucu ilə dəstləşdirilmiş avtomatdan atış aparmaq üçün xüsusi, sürəti azaldılmış gülləli (УС) patronlardan istifadə olunur.

Avtomatdan avtomatik və ya tək-tək atəş aparılır. Avtomatik atəş əsas atış növü sayılır və qısa (5 atışa qədər), uzun (10 atışa qədər) qatarlarla və fasiləsiz atəşlə aparıla bilər.

Atış zamanı patronlar tutumu 30 patron olan qutuvari (sektorlu) maqazindən ötürülür.

Avtomatın nişangah atış məsafəsi 1000 m təşkil edir. Avtomatdan yerüstü hədəflərə ən təsirli atəş 400 m-ə qədər məsafədə, təyyarələrə, helikopterlərə və paraşütçülərə ən təsirli atəş 500 m-ə qədər məsafədə aparılır. Avtomatdan yerüstü qrup hədəflərinə cəmlənmiş atəş 1000 m-ə qədər məsafədə aparılır.

“Aimpoint CompM4” tipli kollimator nişangahı müxtəlif növ avtomatik atıcı silahlarda tətbiq olunur. Nişangah qısa məsafələrdə silahı sürətli və dəqiq hədəfə tuşlamaq üçün nəzərdə tutulub.

Yüksək möhkəmliyə malik alüminium xəlitədən hazırlanmış gövdəyə malik kollimator nişangahı açıq hava şəraitində havanın “mənfi” 45º-dən “müsbət” 70º-yə qədər tempera-turunda işləyir. Nişangahın icazə verilən suya batma dərinliyi 45 m təşkil edir.

Nişanalma işarəsinin parlaqlığı 16 addımlı elektrik açar vasitəsilə nizamlanır.

Nişangah1,5V gərginliyində AA tipli batareya ilə qidalanır.