40 mm-lik RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanı düşmənin tank, özühərəkət-edən artilleriya qurğuları və digər zirehli döyüş vasitələri (PDM, ZTR və s.) ilə mübarizə aparmaq üçün nəzərdə tutulub. Bundan başqa, tank əleyhinə əl qumbaraatanı düşmənin səhra tipli yüngül sığınacaqlarda və şəhər tipli tikililərdə yerləşmiş canlı qüvvəsini məhv etmək üçün istifadə oluna bilər.

Atəş zamanı qumbaraatanın hədəfə tuşlanması PQO-7V3 tipli optik və mexaniki nişangahlar, həmçinin UP-7V tipli nişangah qurğusu vasitəsilə yerinə yetirilir.

Qumbaraatandan atəş – kumulyativ iş prinsipli çap üstü tank əleyhinə qumbaraları olan müxtəlif növ atəş yığımları (PQ-7V, PQ-7VM, PQ-7VS, PQ-7VS1, PQ-7VL və PQ-7VR) ilə aparılır. Bundan başqa qumbaraatandan termobarik və qəlpəli qumbaralı atəş yığımları (ТBQ-7V və OQ-7V) ilə atəş aparmaq olur.

PQO-7V3 tipli optik nişangah 40 mm-lik RPQ-7V2 tipli tank əleyhinə əl qumbaraatanın əsas nişangahıdır. Optik nişangah qumbaraatanı hərəkət edən və etməyən hədəflərə tuşlamaq üçün nəzərdə tutulub.